“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçirəcəkləri ilk oyun barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə Niderland təmsilçisi ilə matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında danışıb.
Qurbanov qarşılaşmaya ciddi hazırlaşdıqlarını və komandanın qələbə üçün əlindən gələni edəcəyinə inandığını bildirib:
“Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər. Sabah səhər məşqimiz var. Komandanı hazırlamağa çalışacağıq. İnanıram ki, futbolçuların təcrübəsi özlərini idarə etməyə yetəcək”.
Baş məşqçi komandanın hazırda çətin dönəmdən keçdiyini də qeyd edib:
“Həm insan, həm idmançı, həm də klub çətinliklərlə böyüyür. UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyuna ciddi hazırlaşmışıq. Bundan da çətin dönəmlərdən keçmişik”.
Qeyd edək ki, “Tvente” – “Qarabağ” qarşılaşması avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
