Futbol üzrə PSJ və Fransa millisinin müdafiəçisi Luka Ernandes Argentinada doğulan və Braziliyada böyüyən model Viktoriya Triay ilə ailə həyatı qurub.
İdman.Biz xəbər verir ki, cütlük 2023-cü il noyabrın 12-də Parisdə gecə klubunda tanış olub və həmin vaxtdan ayrılmaz olublar.
Onlar toy mərasimi üçün Fransanın paytaxtından 45 dəqiqə cənub-qərbdə, Rambuye meşəsində yerləşən XII əsrə aid Vo-de-Sern tarixi abbatlığını seçiblər. Yeni evlənənlər ərazinin tamamını icarəyə götürüblər. XIX əsrin sonlarında bu məkan baronessa Şarlotta de Rotşild tərəfindən lüks hotelə çevrilib.
“Unudulmaz bir tədbir arzulayırdım: ən yaxın qohumlarımızın və dostlarımızın əhatəsində üç gün davam edən bayram. Uşaqlar fermada idilər, heyvanları bəsləyir, oynayır və göldə balıq tuturdular”, - deyə Viktoriya Triay “Vogue” nəşrinə bildirib.
