Murad Məmmədovun nənəsi: “Üç iynə vurmuşdular, bir dərman qəbul etmişdi” - MÜSAHİBƏ

15 Avqust 2026 16:46
196
Murad Məmmədovun nənəsi: “Üç iynə vurmuşdular, bir dərman qəbul etmişdi” - MÜSAHİBƏ

Kiprin “Pafos” klubunda çıxış edən azərbaycanlı futbolçu Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova nəvəsinin UEFA Avropa Liqasında “Zaltsburq”a vurduğu qoldan, futbolçunun səhhətindən danışıb.

Əfiqə Məmmədova offsideplus.az-a müsahibəsində Murad Məmmədovun zədəsinə baxmayaraq meydana çıxaraq qol vurmasının onda böyük sevinc yaratdığını bildirib.

Həmin müsahibəni təqdim edirik.

– Yəqin ki, Muradın oyununa baxdınız. Meydana çıxacağını gözləyirdinizmi? O baxımlı qolu vurarkən hansı hissləri keçirdiniz?

– Bəli, baxırdım. Açığı, heç inanmırdım ki, onu oyuna buraxarlar. Çünki bir həftə əvvəl məşqdə zədələnmişdi. Həkim onu bir dəqiqə də olsun meydana buraxmaq istəmirdi, məşqçi isə Muradı əsas heyətə salmağı planlaşdırırdı. Həkim qətiyyən icazə vermədi, buna görə də yalnız son 10 dəqiqədə oyuna daxil oldu. Gözlərimə inanmadım, cəmi 2 dəqiqə sonra özünün möhtəşəm qolunu vurdu. Oyundan əvvəl 3 iynə vurmuşdular, 1 dərman qəbul etmişdi. İnanın, həmin vəziyyətdə qol vuracağına heç ümid etmirdim. Qolu görəndə şoka düşdüm. Sevincimin həddi-hüdudu yox idi, sanki dünyanı mənə verdilər. Azarkeşlərin “Murad Məmmədov!” deyə qışqırması insana xüsusi zövq verirdi.

– Hazırda səhhəti necədir?

– Yaxşıdır, müalicəsini davam etdirir. Mütəmadi olaraq masaj olunur.

– Özü ilə əlaqə saxlayırsınız? Komandaya uyğunlaşa bilir?

– Hər gün görüntülü danışırıq. Hamı ona çox yaxşı münasibət bəsləyir, komanda yoldaşları da mehribandır. Murad da, meneceri Qədir Həsənov da deyir ki, geri yol yoxdur, ancaq irəli – zirvələrə doğru addımlayacağıq.

– Sizcə, “Dinamo Siti”ni məğlub edib liqa mərhələsinə yüksələ bilərlər?

– İnşallah. Yaxşı çalışsalar, mütləq yüksələcəklər.

– Muradı özünə örnək görən yeniyetmə futbolçulara nə demək istərdiniz?

– Həmişə demişəm, yenə də təkrar edirəm: çox çalışsınlar, davamlı məşq etsinlər, əlavə hazırlıq keçsinlər və rejimə riayət etsinlər. Bir də ki, klublar gənc futbolçulara şans verib onları oyuna buraxmalıdırlar ki, inkişaf etsinlər. Yalnız məşqlə irəli getmək mümkün deyil. Oynamalıdırlar ki, rəqabət yaransın. Bütün Azərbaycanın gənc oyunçularına uğurlar arzulayıram.

İdman.Biz