İtaliyanın “Latsio” futbol klubu Davide Frattezinin transferi ilə bağlı “İnter”lə razılığa gəlib.
İdman.Biz xəbər verir ki, 26 yaşlı italiyalı yarımmüdafiəçi “Latsio”ya icarə əsasında keçəcək. Roma təmsilçisi icarə üçün “İnter”ə bir milyon avro (1,96 milyon AZN) ödəyəcək.
Müqavilədə futbolçunun 14 milyon avroya (27,4 milyon AZN) satın alınması ilə bağlı bənd də yer alacaq. Müəyyən şərtlər yerinə yetirildiyi halda bu bənd məcburi olacaq. Şərtlər Frattezinin oyun sayı və “Latsio”nun mövsümün sonunda turnir cədvəlində tutacağı mövqe ilə bağlıdır.
“İnter” həmçinin gələcəkdə Frattezi başqa kluba satılacağı təqdirdə transfer məbləğinin 50 faizini əldə etmək hüququnu özündə saxlayacaq. Beləliklə, razılaşmanın ümumi dəyəri 15 milyon avroya çata bilər.
Futbolçunun tibbi müayinədən keçməsi üçün artıq vaxt da müəyyənləşdirilib. Frattezinin cümə günü Romada tibbi yoxlamadan keçəcəyi gözlənilir.
