Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın “Rakuv” klubu UEFA tərəfindən cərimələnib.
İdman.Biz xəbər verir ki, buna səbəb Polşa klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Hammarbü” ilə ilk oyununda azarkeşlərin davranışı olub.
UEFA-nın İntizam Komitəsi “Rakuv”u pirotexniki vasitələrdən istifadəyə görə 60 min avro cərimələyib. Bundan əlavə, Polşa təmsilçisinə ictimai keçidlərin bağlanmasına görə daha 8 min avro cərimə tətbiq olunub.
Beləliklə, “Rakuv” ümumilikdə 68 min avro ödəməli olacaq.
Kluba iki il sınaq müddəti də verilib. Bu müddətdə oxşar hal təkrarlanarsa, komandanın avrokuboklardakı növbəti ev oyununda B1 və B7 sektorları azarkeşlər üçün bağlanacaq.
Qeyd edək ki, “Rakuv” - “Hammarbü” matçı 0:0 hesabı ilə başa çatıb. Komandalar arasında cavab qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
