Şotlandiyanın “Seltik” futbol klubunun baş məşqçisi Martin O’Nil "Qarabağ"ın keçmiş hücumçusu Kamilo Duranın komandadakı rolu barədə danışıb.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis kolumbiyalı futbolçunun hazırda özünün ən uyğun mövqeyində çıxış etmədiyini bildirib.
O’Nilin fikrincə, Duran mərkəz hücumçusu və ya hücumçunun arxasında daha faydalı ola bilər.
“Keyfiyyət baxımından Kamilo hazırda bəlkə də öz mövqeyindən kənarda oynayır. Məncə, o, mərkəz hücumçusudur və ya mərkəz hücumçusunun arxasında oynaya bilər. Buna görə komandamız taktiki baxımdan daha çevik olmalıdır”, – deyə baş məşqçi bildirib.
O’Nil vurğulayıb ki, heyətdə qol vurmaq potensialına malik futbolçular olduqda komanda fərqli oyun sistemlərindən istifadə etməyi bacarmalıdır:
“Bir neçə sistemdə problemsiz oynamağı bacarmalıyıq. Əgər qol vurmaq qabiliyyətinə malik futbolçuların varsa, onların imkanlarından istifadə etmək üçün fərqli yollar tapmalısan”.
Kamilo Duran mövsümöncəsi hazırlıq oyunlarında “Seltik”in heyətində üç qarşılaşmada üç qol vurub.
Qeyd edək ki, Kamilo Duran 2025/2026 mövsümündə “Qarabağ”ın heyətində bütün turnirlərdə 45 oyunda 15 qol vurub. Kolumbiyalı hücumçu bu qollardan beşini UEFA Çempionlar Liqasında qeydə alıb. O, 2026-cı ilin yayında Ağdam klubundan “Seltik”ə transfer olunub.
