Türkiyənin “Fənərbağça” futbol komandasının avtobusuna 11 il əvvəl edilən silahlı hücumla bağlı istintaqda yeni mərhələ başlayıb.
İdman.Biz xəbər verir ki, 4 aprel 2015-ci ildə Trabzonda baş verən hadisə ilə bağlı aparılan yeni HTS və mobil rabitə baza stansiyası analizlərindən sonra beş şübhəli saxlanılıb.
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, Trabzon Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində əldə edilən yeni dəlillər əsasında şübhəlilərin ünvanlarında axtarış və götürmə tədbirləri həyata keçirilib.

Onun sözlərinə görə, iş Ədliyyə Nazirliyinin tərkibində yaradılan Açılmamış Cinayətlərin Araşdırılması İdarəsi tərəfindən yenidən nəzərdən keçirilib və müasir texnoloji imkanlarla əvvəlki sübutlar təkrar araşdırılıb.
Yeni təhlillərdə şübhəlilərdən bəzilərinin hadisə vaxtı “Fənərbağça”nın avtobusunun hərəkət etdiyi ərazidə mobil rabitə siqnallarının qeydə alınması, həmçinin hadisədən əvvəl və sonra bir-biriləri ilə sıx əlaqədə olmaları diqqət çəkib.
Gürlek istintaqın məqsədinin hücumun arxasında dayanan şəxsləri konkret dəlillərlə müəyyənləşdirmək olduğunu bildirib:
“Türk futbol ictimaiyyətinin və xalqımızın illərdir cavab gözlədiyi sualların aydınlaşdırılması üçün prosesi sonadək izləyəcəyik”.

Qeyd edək ki, hadisə 4 aprel 2015-ci ildə “Çaykur Rizəspor”la səfər oyunundan sonra baş verib. Trabzon hava limanına yollanan “Fənərbağça”nın avtobusu Araklı ərazisində silahlı hücuma məruz qalıb. Atəş nəticəsində avtobusun sürücüsü ağır yaralanıb, futbolçular və klub əməkdaşları isə böyük təhlükədən xilas olublar.
Hadisə ilə bağlı ilkin istintaq təxminən 5,5 ildən sonra təqibə xitam verilməsi ilə nəticələnmişdi. Türkiyə Ədliyyə Nazirliyi isə 27 may 2026-cı ildə işin yenidən araşdırılacağını açıqlamışdı.
