PSJ Yaponiya millisinin qapıçısı üçün 36 milyon avro ödəməyə hazırdır

9 Avqust 2026 11:16
135
PSJ Yaponiya millisinin qapıçısı üçün 36 milyon avro ödəməyə hazırdır

Fransanın PSJ futbol komandası heyətini Yaponiya millisinin qapıçısı Dzion Suzuki ilə gücləndirməyə hazırlaşır.

İdman.Biz xəbər verir ki, insayder Nikolo Şiranın məlumatına görə, Paris təmsilçisi 23 yaşlı qapıçının transferi üçün “Parma”ya 36 milyon avro (71,4 milyon AZN) ödəməyə hazırdır. Tərəflər Suzuki ilə 2031-ci ilədək nəzərdə tutulan müqavilə üzərində də işləyirlər.

Fabrizio Romano isə mümkün transferlə bağlı bir qədər fərqli maliyyə detalları açıqlayıb. Onun məlumatına görə, PSJ-nin bonuslar daxil olmaqla təklifi ümumilikdə 35 milyon avroya (69,4 milyon AZN) çata bilər. Paris klubu daha əvvəl 33 milyon avroluq paket təklif etmiş, sonradan şərtləri yaxşılaşdırmağa qərar vermişdi.

Suzuki 2024-cü ilin yayında Belçikanın “Sent-Trüyden” komandasından 7,5 milyon avroya (14,9 milyon AZN) “Parma”ya keçib.

Yaponiyalı qapıçı ötən mövsüm “Parma”nın heyətində 22 oyunda meydana çıxıb, 30 qol buraxıb və altı qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Suzuki 2026-cı il dünya çempionatında Yaponiya millisinin əsas qapıçısı olub. Asiya təmsilçisi turnirdə 1/16 final mərhələsində Braziliyaya 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İdman.Biz