Qazaxıstanda sosial şəbəkələr bir-birinə dəydi: Futbol ictimaiyyəti narazıdır

8 Avqust 2026 17:04
105
Qazaxıstanda sosial şəbəkələr bir-birinə dəydi: Futbol ictimaiyyəti narazıdır

Futbol üzrə Qazaxıstan millisinin yeni baş məşqçisi Con van Şipin təyinatı ölkənin futbol ictimaiyyətində ciddi narazılıq yaradıb.

İdman.Biz xəbər verir ki, Qazaxıstan Futbol Federasiyasının niderlandlı mütəxəssisin baş məşqçi postuna təyin olunması ilə bağlı “Instagram” paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi federasiyanın qərarını sərt tənqid edib, digərləri isə yeni məşqçiyə uğurlar arzulayıb.

Con van Şipin təqdimatı ilə bağlı paylaşımın altında yazılan bəzi şərhlər belə olub:

“5 oyun keçirəcək və istefaya göndəriləcək”.

“Milli komandanın əsası xalqın və dövlətin mentaliteti üzərində qurulur. Milli komanda – ruh, vətənpərvərlik və dildir. Burada ümumiyyətlə puldan söhbət getməməlidir”.

“Altı aydan sonra onu işdən çıxaracaqlar, böyük təzminat ödəyəcəklər və bu tsikl də məhv olacaq”.

“Budur, Qazaxıstan millisinin sonu. Reytinqdə Əfqanıstandan da aşağı düşəcəyik”.

“Bu, Qazaxıstanın mövcudluğundan yalnız ona müqavilə təklif ediləndə xəbər tutan insandır!”

“Təxminən üç aydan sonra belə bir xəbər görəcəyik: “Öz istəyi ilə istefa verdi””.

“Maraqlıdır, ona neçə milyard verirlər?”

İdman.Biz