Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA prezidenti Canni İnfantinonun sevgilisi olduğu iddia edilən qadına, onun Avropa təşkilatının baş katibi vəzifəsində çalışdığı dövrdə altı rəqəmli məbləğ ödəyib.
İdaman.Biz xəbər verir ki, bu barədə “The Telegraph” öz araşdırmasına istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, adı açıqlanmayan qadın İnfantino ilə münasibətlərinin başladığı iddia edilən vaxt UEFA-da inzibati vəzifədə çalışıb. Evlidir və dörd övladı olan İnfantinonun onun daha yüksək maaşlı rəhbər vəzifəyə yüksəlməsinə şərait yaratdığı bildirilir. Həmin vəzifədə qadının illik maaşı təxminən 160 min İsveçrə frankı (198 min dollar) olub. Bu isə əvvəlki maaşından 30 faiz çoxdur.
Münasibətlərdən UEFA rəhbərliyinin xəbər tutmasından sonra, mənbələrin sözlərinə görə, təşkilatın o zamankı prezidenti Mişel Platini İnfantinonu seçim qarşısında qoyub: “O, yoxsa sən?”
İnfantino isə qadının UEFA-dan ayrılmasını seçib.
