Belaruslu mütəxəssis Oleq Dulub: “Qarabağ” hələ bir qədər “çiy”dir”

7 Avqust 2026 14:17
111
Belaruslu mütəxəssis Oleq Dulub: “Qarabağ” hələ bir qədər “çiy”dir”

UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo”nun (Kiyev) “Qarabağ” üzərində 1:0 hesablı qələbəsini şərh edən UEFA Pro lisenziyasına malik belaruslu mütəxəssis Oleq Dulub Azərbaycan təmsilçisinin güclü rəqib olduğunu vurğulayıb.

İdman.Biz xəbər verir ki, LNZ, “Çernomorets” və “Karpatı”nın sabiq baş məşqçisi bu barədə “Ukrainskiy futbol” nəşrinə danışıb.

“Açığı, təəssüratlar kifayət qədər müsbətdir. Amma Nikolay Şaparenko iki qol imkanını dəyərləndirsəydi, hər şeyi həll etmək olardı. Məncə, bu oyunun gedişində 2:0 hesabı “Dinamo”nun növbəti mərhələyə yüksəlməsi üçün tam kifayət edərdi”, - Dulub deyib.

Belaruslu mütəxəssis Bakıdakı cavab görüşünün Kiyev klubu üçün asan keçməyəcəyini bildirib:

“Orada onları kifayət qədər yaxşı komanda gözləyir. Amma hazırda “Qarabağ” hələ bir qədər “çiy”dir. Görünür ki, komandanın oyun əlaqələri çatışmır, mexanizmlər tam oturuşmayıb. Futbolçular yüksək səviyyəlidirlər, amma vəziyyət hələlik belədir. “Qarabağ”ın heyətində çoxlu yeni oyunçu var. Bununla belə, həm komandada qalan, həm də transfer olunan futbolçuların səviyyəsi kifayət qədər yüksəkdir”.

Dulub “Qarabağ”ın texnikalı futbolçulara malik olduğunu da qeyd edib:

“Lyublində meydança çox sürətli və keyfiyyətli idi. Texnikalı futbolçular üçün bu, ideal şəraitdir. Onların topla davranışı, xətlər arasına şaquli ötürmələr axtarması... Bu, kifayət qədər ciddi rəqibdir və “Dinamo”nun ilk oyunda qalib gəlməsi çox yaxşı oldu. Bu qələbə daha çox “Dinamo”ya lazım idi”.

Mütəxəssis əlavə edib ki, topa sahibolma faizində üstünlük “Qarabağ”ın tərəfində olsa da, daha təhlükəli qol imkanlarını “Dinamo” yaradıb.

“Xüsusilə də oyunun sonlarında Şaparenkonun qapıçı ilə təkbətək çıxışı oldu. Daha sonra “Dinamo”nun sol cinah oyunçusunun Ponomarenkoya ötürməsi, onun topu geri qaytarması, lakin mərkəz müdafiəçisinin ötürməni kəsməsi epizodu yaşandı. Əgər həmin ötürmə ünvanına çatsaydı, daha bir təkbətək vəziyyət yaranacaqdı”.

İdman.Biz