Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubu Yurgen Kloppu rəhbər vəzifəyə gətirmək variantını nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, Ciddə təmsilçisi almaniyalı mütəxəssisə texniki direktor postunu təklif etmək istəyir.
İddiaya görə, Klopp klubun heyət strategiyası, transfer siyasəti və idman layihəsinin formalaşdırılmasına cavabdeh şəxs kimi düşünülür. “Əl-İttihad” rəhbərliyi onun Avropa futbolundakı təcrübəsindən istifadə etməyi planlaşdırır.
Məlumata görə, tərəflər arasında danışıqlar son günlər yenidən aktivləşib. Bununla belə, Kloppun nümayəndələri bu iddiaları açıq şəkildə təkzib ediblər.
Klopp “Liverpul”dan ayrıldıqdan sonra “Red Bull”un qlobal futbol layihəsində rəhbər vəzifə tutur. Almaniyalı mütəxəssisin Səudiyyə Ərəbistanına mümkün keçidi yalnız onun indiki öhdəlikləri və mövsüm planı ilə bağlı məsələlər aydınlaşdıqdan sonra reallaşa bilər.
“Əl-İttihad”da Kloppun təyinatı baş tutsa, o, keçmiş “Liverpul” futbolçusu Fabinyo ilə eyni klubda çalışacaq. Braziliyalı yarımmüdafiəçi 2023-cü ildən Səudiyyə Ərəbistanı komandasında çıxış edir.
