İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, hazırda zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan hücumçu Parisdə tanınmış ispan aktrisası Ester Ekspozito ilə görüntülənib.
Məlumata görə, cütlük Eyfel qülləsi mənzərəli lüks restoranların birində şam yeməyi yeyib. Şahidlərin sözlərinə görə, onlar olduqca səmimi görünüblər və məkandan ayrılarkən Mbappenin şəxsi avtomobilinə birlikdə əyləşiblər. Paris Moda Həftəsi çərçivəsində baş tutan bu görüşdən sonra tərəflərin birlikdə vaxt keçirməsi diqqətdən yayınmayıb.
Xatırladaq ki, Ester Ekspozito “Netfliks”in məşhur “Elit” serialındakı Karla rolu ilə dünya şöhrəti qazanıb. Maraqlıdır ki, aktrisa bir müddət əvvəl verdiyi müsahibədə futbolu elə də çox sevmədiyini desə də, Mbappeni izləmək üçün “Santiaqo Bernabeu” stadionunda görüntülənmişdi.
