“Mən heç vaxt yorğunluq və ya ağır mövsüm kimi məqamların arxasında gizlənən insan olmamışam”.
Bunu minifutbol üzrə Azərbaycan çempionatının gümüş mükafatçısı “Birbaşa Bakı” komandasının rəhbəri İlkin Qəribli report.az-a müsahibəsində deyib.
Klub rəsmisi həm “Zirə”yə 1:4 hesabı ilə məğlub olduqları final matçından, həm də cari mövsüm Azərbaycan çempionatındakı çıxışdan danışıb. O, qarşıdakı planlar və həyata keçiriləcək dəyişikliklər haqqında sualları da cavablandırıb.
Həmin müsahibəni təqdim edirik.
- Gərgin keçən mövsümün sonunda finalda məğlub oldunuz. Matçı kənardan necə gördünüz, sizcə, “Zirə” ilə oyunda çatışmayan nə idi? Hesab oyunun real mənzərəsini əks etdirirdi?
- İlk növbədə “Zirə”ni təbrik edirəm. Düşünürəm ki, mövsüm boyunca ən sabit və ən yaxşı oyun göstərən komanda sonda tam layiqli şəkildə çempion oldu. Amma açıq danışsaq, mənim üçün hesab oyunun real mənzərəsini tam əks etdirmir. Final görüşünün taleyi bir neçə detal və kritik epizod üzərində həll olundu. Adətən belə məqamlarda biz daha soyuqqanlı və daha düzgün qərarlar verən tərəf oluruq. Bu dəfə isə həmin anlarda rəqib daha yaxşı oldu və nəticə də orada formalaşdı.
- Finaldakı məğlubiyyəti komandanın fiziki yorğunluğu, yoxsa rəqibin taktiki üstünlüyü ilə əlaqələndirirsiniz?
- Mən heç vaxt yorğunluq və ya ağır mövsüm kimi məqamların arxasında gizlənən insan olmamışam. Belə səviyyədə klub üçün bunlar səbəb ola bilməz. İllərlə çempionluq standartı formalaşdırmısansa, belə oyunlarda əlavə güc tapmalısan. Deməli, bu dəfə rəqib final matçının taleyini həll edən detallarda bizdən üstün oldu. Biz bunu qəbul edirik, amma bununla barışmaq fikrimiz yoxdur.
- Hədəfi çempionluq olan bir klub üçün gümüş medalı uğur saymaq olar, yoxsa bu nəticə sizin üçün xəyal qırıqlığıdır?
- Gümüş medal bizim üçün uğur deyil. Bu, sadəcə, bəzi məqamlarda öz standartlarımızdan uzaqlaşdığımızın göstəricisidir. Bəli, finala qədər çətin və uzun yol gəldik, komanda xarakter göstərdi. Amma klubda ölçü həmişə kubok olub. Qalan hər şey təhlil üçün materialdır, razı qalmaq üçün yox.
- Ümumilikdə keçilən yolu necə dəyərləndirirsiniz?
- Belə məğlubiyyətlər böyük komandalar üçün çox faydalı olur. Bu həm aclığı, həm daxildəki idman qəzəbini qaytarır, həm də uzun illər qazanandan sonra bəzən zəifləyən konsentrasiyanı yenidən maksimum səviyyəyə gətirir. Əminəm ki, bu final bizi daha da gücləndirəcək.
- Növbəti mövsümdə heyətdə ciddi dəyişikliklər gözlənilirmi? “Qızıl”ı geri qaytarmaq üçün hansı addımları atacaqsız.
- Növbəti mövsüm bizim üçün bu gündən başlayır. Heyət, hazırlıq, həlledici anlara yanaşma, oyun intizamı və mental tərəf - hər şey çox sərt və dürüst şəkildə təhlil olunacaq. Dəyişikliklər mümkündür, hətta bəzi məqamlarda zəruri də ola bilər. Çünki məqsədimiz sadəcə qızıl medalları geri qaytarmaq deyil. Onu elə qaytarmaq istəyirik ki, bu çempionatın simasının kim olması ilə bağlı heç kimdə sual qalmasın.
- Məşqçilər heyətinin işindən razısınız? Finaldakı məğlubiyyətdən sonra texniki zonada hər hansı islahat planlaşdırılır?
- Mən məsələni tək məşqçilər korpusu üzərindən qiymətləndirməzdim. Futbol kollektiv oyundur və nəticəyə görə məsuliyyət də hamının üzərindədir - rəhbərlikdən tutmuş məşqçilər heyətinə, futbolçulardan tibbi və inzibati komandaya qədər. Mövsüm boyunca görülən işə görə məşqçilər korpusunun əməyini yüksək qiymətləndirirəm, çünki komanda yenə finala qədər gəlib çıxıb. Amma həlledici oyunda uduzmuşuqsa, deməli, hamımız hansısa detalda istədiyimiz səviyyədə olmamışıq. Bu baxımdan burada söhbət narazılıqdan çox, ümumi məsuliyyəti düzgün bölüşməkdən gedir. Mən məşqçilər heyətinə tam güvənirəm və inanıram ki, bu məğlubiyyətdən ən düzgün nəticəni məhz onlar çıxaracaqlar.
- Gümüş medal qazanmaqla beynəlxalq turnirlərdə iştirak şansınız yaranır. “Birbaşa Bakı”nın Avropa arenasında hədəfləri nədən ibarətdir?
- Avropa arenası bizim üçün ayrıca motivasiyadır. Biz artıq sübut etmişik ki, bu səviyyədə sadəcə iştirak etməyə yox, qalib gəlməyə də qadirik. Ona görə beynəlxalq turnir bizim üçün gümüş medaldan təsəlli deyil, klubumuzun səviyyəsini yenidən hamıya göstərmək üçün əlavə fürsətdir. Ora yalnız bir məqsədlə - kubok uğrunda mübarizə aparmağa gedəcəyik.
- Bakı Tennis Akademiyasındakı atmosfer və təşkilatçılıq haqqında nə deyə bilərsiniz?
- Bakı Tennis Akademiyasındakı atmosferi və təşkilatçılığı xüsusi qeyd etmək istəyirəm. Finala yaraşan mühit, yüksək səviyyəli təşkilatçılıq və azarkeş marağı var idi. Belə oyunlar Azərbaycan minifutbolunun inkişafına çox ciddi təkan verir.
