Futbol üzrə Bolqarıstanın U-21 millisinin baş məşqçisi Todor Yançev Azərbaycan yığmasına qarşı oyundan sonra (0:0) öz ölkəsinin mediasına fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, o, Plovdivdə keçirilən görüşün heç-heçə nəticələnməsindən narazı qaldığını gizlətməyib.
Mütəxəssis bildirib ki, komandası qələbəyə daha yaxın olsa da, bəxt onların tərəfində olmayıb:
“Bu oyunda mütləq qalib gəlməli idik. Göstərdiyimiz oyun istədiyimiz səviyyədə deyildi. Dəyişiklikdən sonra daha yaxşı çıxış etdik. Hətta sonlarda 10 nəfərlə qalsaq da, şanslarımız var idi”.
Yançev Azərbaycan millisinin oyununa da toxunub və rəqibin onlar üçün sürpriz olmadığını vurğulayıb:
“Azərbaycan bizi heç nə ilə təəccübləndirmədi. Biz həmişə qələbə üçün oynayırıq. Oyunun sonuna qədər imkanlarımız oldu, amma bəxtimiz gətirmədi”.
O əlavə edib ki, oyundan əvvəl komandasının üç üzvü xəstələndiyi üçün heyətdə müəyyən problemlər yaranıb.
Bolqarıstanlı çalışdırıcı eyni zamanda Azərbaycanla heç-heçəyə baxmayaraq, gələcəyə nikbin baxdığını qeyd edib:
“Şanslarımız qalır. Sevindirici haldır ki, bəzi oyunçular əsas milliyə yüksəlsə də, aşağıdan keyfiyyətli futbolçular gəlir. Mən rahatam, Bolqarıstan öz gəncləri ilə düzgün yoldadır”.
