Fransanın “Lill” klubunun hücumçusu Olivye Jiru Avropa Liqası tarixində qol vuran ən yaşlı futbolçu ünvanına sahib çıxıb. Təcrübəli forvard bu nailiyyəti olduqca effektli üslubda gerçəkləşdirib. “Srvena Zvezda”ya qarşı keçirilən cavab matçında (2:0) 39 yaşlı hücumçu topu akrobatik zərbə ilə rəqib qapısına göndərib.
İdman.Biz xəbər verir ki, bu qol fransalıya ispaniyalı Xoakin Sançesin rekordunu təzələmək imkanı verib. Jiru 39 yaş 150 günlüyündə fərqlənərək turnirin ən yaşlı bombardiri pilləsinə yüksəlib və hələ də əla fiziki formada olduğunu sübut edib.
Yaşına baxmayaraq, Jiru “Lill”in ən təhlükəli silahlarından biri olaraq qalır. Onun “Rayko Mitiç” stadionunda matçın 4-cü dəqiqəsində vurduğu qol komandasının 1/8 finala yüksəlməsini təmin etməklə yanaşı, həftənin ən gözəl qolu nominasiyasına da əsas namizəd olub.
Xatırladaq ki, fransalı veteran cari mövsümdə avrokuboklarda artıq 5 qol vurub və yüksək səviyyədə öz statistik göstəricilərini yeniləməyə davam edir.
