Ceyhun Sultanov: “Qarabağ” “Liverpul”la oyuna xal qazanmaq üçün çıxacaq” - VİDEO

28 Yanvar 2026 14:00
89
Ceyhun Sultanov: “Qarabağ” “Liverpul”la oyuna xal qazanmaq üçün çıxacaq” - VİDEO

“Qarabağ” İngiltərədə meydana xal qazanmaq üçün çıxacaq”.

Bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Liverpul”la keçirəcəyi sonuncu - səkkizinci tur oyunu barədə danışarkən deyib.

O, Mersisayd təmsilçisini cütün favoriti hesab etdiyini söyləyib:

“Amma bütün matçlara nəzər yetirəndə görürük ki, “Qarabağ”ın indiyə qədər qarşılaşdığı rəqiblərin hamısı güclü və favorit komandalar olub. Buna baxmayaraq, təmsilçimiz onlardan xal və xallar almağı bacarıb. Bu görüşdə də eyni ssenari təkrarlana bilər. Rəqibin dünya nəhəngi olmasına baxmayaraq, “Qarabağ” meydançaya xal qazanmaq üçün çıxacaq”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan çempionu həmişəki kimi qol imkanlarından düzgün istifadə etsə və müdafiədə səhvlərə yol verməsə, İngiltərədən xalla dönə bilər:

“Fikrimcə, “Qarabağ” öz oyun üslubu ilə hamını təəccübləndirməyi bacarıb və məhz bu oyun üslubu da komandaya nəticə qazandırıb. İnanıram ki, eyni taktika İngiltərədə də işə yarayacaq”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Liverpul” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 23:59-da keçiriləcək.

İdman.Biz
Məqalədə: