“Real Madrid”in sabiq hücumçusu Kriştianu Ronaldu ilə komandanın keçmiş baş məşqçisi Joze Mourinyo arasında baş vermiş mübahisənin detalları açıqlanıb.
İdman.Biz xəbər verir ki, Mourinyonun Madrid klubundakı köməkçisi olmuş Aytor Karança “Marca” nəşrinə verdiyi açıqlamada hadisənin İspaniya Kubokunda “Valensiya”ya qarşı keçirilən oyundan sonra yaşandığını bildirib.
Onun sözlərinə görə, Mourinyo Kriştianunu bütün komandanın qarşısında sərt şəkildə tənqid edib və futbolçunun reaksiyası emosional olub.
“Kubok oyununda Mourinyo Kriştianunu danladı. Kriştianu isə hamının içində ona cavab verərək, “mən səni bu qədər dəstəkləmişdim”, - deyərək az qala ağlayırdı. Ola bilsin ki, Joze məhz bu reaksiyanı almaq üçün belə etdi. Səni hamının qarşısında danlayıram, çünki ən çox güvəndiyim futbolçu sənsən. Mourinyonun və məşqçilər korpusunun verdiyi bütün qərarlar yalnız komandanın xeyrinə idi”, – deyə Karança bildirib.
Qeyd edək ki, Joze Mourinyo “Real Madrid”i 2010-2013-cü illərdə çalışdırıb. Həmin dövrdə Kriştianu Ronaldu Madrid klubunun əsas liderlərindən biri olub və komandanın uğurlarında mühüm rol oynayıb.
