Qazaxıstanın “Aktobe”nin portuqaliyalı ulduz Nani ilə bağlı planları gözlənildiyindən fərqli ola bilər. Portuqaliya mətbuatı bu məsələdə yeni və diqqətçəkən məlumatlar yayıb.
İdman.Biz Portuqaliyanın “Cabine Desportiva” nəşrinə istinadla xəbər verir ki, Naniyə Qazaxıstanın “Aktobe” klubu tərəfindən futbolun və klubun tanınmasını artırmağa yönəlmiş xüsusi layihə təklif olunub. Bu layihə çərçivəsində onun əsas rolu meydanda deyil, daha çox məsləhətçi, mentor və ya klubun səfiri kimi nəzərdə tutulur.
İddialara əsasən, 39 yaşlı veteranın komandanın oyunçu heyətinə cəlb olunması da istisna edilmir, lakin bu variant onun üçün prioritet sayılmır. Keçmiş Portuqaliya millisinin üzvü daha çox idarəçilik və təmsilçilik funksiyasına yaxın görünür.
Qeyd olunur ki, Nani gələcəyi ilə bağlı hələ yekun qərar verməyib. O, yaxın günlərdə Qazaxıstana səfər edərək şəhərlə, klubun infrastrukturu ilə tanış olacaq və “Aktobe” rəhbərliyi ilə görüşlər keçirəcək.
Xatırladaq ki, Nani 2024-cü ildə peşəkar futbolçu karyerasını rəsmi şəkildə başa vurub. Onun son klubu Portuqaliyanın “Estrela” komandası olub.
