İspaniyanın “Real Madrid” klubu “Deloitte Football Money League”in illik hesabatında birinci yeri tutub. Klubun ümumi gəliri 1,2 milyard avro (təxminən 2,22 milyard AZN) təşkil edib və bu, “Money League” tarixində rekord göstəricidir.
İdman.Biz xəbər verir ki, reytinqin ən diqqətçəkən məqamı İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted”in turnir tarixində ilk dəfə səkkizinci yerə qədər geriləməsidir. Bu, klubun “Money League” tarixində ən aşağı mövqeyidir.
“Deloitte” hesabatına əsasən, ilk 20 klubun ümumi gəliri 12,4 milyard avro (təxminən 22,9 milyard AZN) olub ki, bu da ötən mövsümlə müqayisədə 11 faiz artım deməkdir.

Reytinqin ilk beşliyi belə formalaşıb:
1. “Real Madrid” (İspaniya)
2. “Barselona” (İspaniya)
3. “Bayern” (Almaniya)
4. PSJ (Fransa)
5. “Liverpul” (İngiltərə)
“Barselona” ötən mövsüm beşinci olduğu halda bu dəfə ikinci pilləyə yüksəlib. “Liverpul” isə tarixində ilk dəfə İngiltərənin ən çox gəlir əldə edən klubu kimi siyahıda beşinci yerə yüksəlib.
Hesabata iki yeni klub da daxil olub. Almaniya Bundesliqasında çıxış edən “Ştutqart” 296,3 milyon avro (təxminən 548 milyon AZN) gəlirlə 18-ci, Portuqaliya təmsilçisi “Benfika” isə 283,4 milyon avro (təxminən 525 milyon AZN) gəlirlə 19-cu olub.
“Mançester Yunayted”in geriləməsinin əsas səbəblərindən biri UEFA Çempionlar Liqasında iştirak etməməsidir. Klubun yayım gəlirləri 258 milyon avrodan (təxminən 477 milyon AZN) 206 milyon avroya (təxminən 381 milyon AZN) düşüb. Avropa turnirlərindən tam kənarda qalması səbəbindən cari mövsümdə oyun günü gəlirlərinin daha da azalacağı gözlənilir.
Qeyd edək ki, “Mançester Yunayted” 29 mövsümlük “Money League” tarixində 10 dəfə lider olub və sonuncu dəfə bunu 2017-ci ildə bacarıb.
Ümumilikdə “İngiltərə Premyer Liqa”sından doqquz klub ilk 20-liyə daxil olub. Bu mövsüm ilk dördlükdə heç bir İngiltərə klubunun yer almaması isə Money League tarixində nadir hadisə kimi qiymətləndirilir.
