Azərbaycanın “Qarabağ” futbol klubu Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gəldiyi rəqiblərinin demək olar ki, hamısını turnir cədvəlində qabaqlayır.
İdman.Biz xəbər verir ki, ÇL-in yeddinci turu çərçivəsində Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda qazanılan qələbədən (3:2) sonra Ağdam təmsilçisi 10 xal toplayaraq turnir cədvəlində 18-ci pilləyə yüksəlib.
“Qarabağ”ın cari mövsümdə artıq qarşılaşdığı klubların nəticələri ilə müqayisə aparıldıqda, Qurban Qurbanovun komandası ən yaxşı göstəricilərdən birini nümayiş etdirir. “Atlılar” yalnız Bakıda 2:2 hesablı heç-heçə etdikləri Londonun “Çelsi” klubundan geri qalırlar. “Aristokratlar”ın hazırda aktivində 13 xal var və bu nəticə ilə səkkizinci yerdə qərarlaşıblar.
Ağdam klubu digər bütün keçmiş rəqiblərini isə turnir cədvəlində üstələyir. Belə ki, səkkiz xala malik İspaniyanın “Atletik” klubu (1:3) 23-cü pillədə yer alıb. İtaliyanın “Napoli” (0:2) və Danimarkanın “Kopenhagen” (4:2) klubları da hərəyə səkkiz xal toplayaraq müvafiq olaraq 25-ci və 26-cı yerlərdə qərarlaşıblar. Portuqaliyanın “Benfika” (3:2) və Niderlandın “Ayaks” (2:4) klubları isə altı xala malikdirlər və müvafiq olaraq 29-cu və 32-ci mövqeləri tuturlar. Elə həmin “Ayntraxt” (3:2) isə dörd xalla 33-cü yerə geriləyib.
“Ayntraxt” artıq əsas mərhələnin ən yaxşı 24 komandası sırasına düşmək şansını dəqiq itirib. “Benfika” və “Ayaks” isə pley-off mərhələsinə yüksəlmək üçün nəzəri şanslarını qoruyurlar. Ağdam təmsilçisinin digər rəqibləri də növbəti mərhələyə vəsiqə qazanmaq imkanını saxlayırlar, lakin bunun üçün son turda mütləq qələbə qazanmalıdırlar.
Xatırladaq ki, Qurban Qurbanovun komandası Çempionlar Liqasının əsas mərhələsinin son turunda səfərdə “Liverpul”la qarşılaşacaq. Görüş yanvarın 28-də “Enfild” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Arne Slotun yetirmələri hazırda 15 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıblar.
