“Mançester Yunayted”də sakit gün demək olar ki, olmur. Klubun sabiq futbolçusu və müvəqqəti baş məşqçisi Maykl Kerrik ətrafında illər əvvəl yaranmış şəxsi qalmaqal yenidən xatırlanıb.
İdman.Biz xəbər verir ki, Kerrik həyat yoldaşı Liza Raqhed ilə yeniyetmə yaşlarında Nyukaslda tanış olub. Cütlük 2007-ci ildə ailə qurub, Luiz adlı qızları və hazırda “Mançester Yunayted” akademiyasında çıxış edən Ceysi adlı oğulları var. Liza Raqhed pilates təlimatçısıdır və Kerrikin xeyriyyə fondunun fəaliyyətində də iştirak edir.
Gərginliyin əsası 2014-cü ilə gedib çıxır. Həmin vaxt Roy Kin (“Mançester Yunayted”in sabiq futbolçusu) Kerrikin “Olimpiakos”a qarşı Çempionlar Liqası oyunundan sonra verdiyi müsahibəni “ruhsuz” adlandırmışdı. Bu fikirlərə reaksiya verən Liza Raqhed sosial şəbəkədə Kinə qarşı sərt ifadələr işlətmiş, daha sonra paylaşımı silərək emosiyalarına qapıldığını deyib üzr istəmişdi.
2026-cı ilin yanvarında vəziyyət yenidən aktuallaşıb. Ruben Amorimin gedişindən sonra Kerrik mövsümün sonunadək “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi təyin olunub. O, daha əvvəl də 2021-ci ildə Ole Qunnar Sulşerin gedişindən sonra eyni rolu icra etmişdi.
“Stick to Football” podkastında çıxış edən Roy Kin köhnə mövzuya qayıdaraq istehzalı fikir səsləndirib və Kerrikin həyat yoldaşına eyham vurub.
Kerrik isə keçirdiyi mətbuat konfransında bu sözlərin onu narahat etmədiyini bildirib:
“Bunlar mənim üçün əhəmiyyətli deyil. Bu vəzifə ətrafında kifayət qədər fikir və səs-küy var.”
Bu hadisə Roy Kinin sərt üslubu ilə şəxsi keçmişin yenidən toqquşması kimi dəyərləndirilir. Kerrik isə diqqətini mövsümün sonuna qədər “Mançester Yunayted”də sabitlik yaratmağa və komandanı çətin oyunlara hazırlamağa yönəldib.
