“Qızıl Top 2026” üçün ilk reytinq: lider dəyişdi

Xəbərlər
20 Yanvar 2026 13:06
36
“Qızıl Top 2026” üçün ilk reytinq: lider dəyişdi

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays “Qızıl Top 2026” mükafatı üçün ilkin güc reytinqinə başçılıq edir.

İdman.Biz xəbər verir ki, talkSPORT-un açıqladığı erkən proqnozlara əsasən, 27 yaşlı futbolçu 3/1 əmsalla siyahının ilk pilləsində qərarlaşıb. Raysın mövsüm ərzindəki çıxışı “Arsenal”ı Premyer Liqada yeddi xal fərqi ilə zirvəyə daşıyıb.

Cari mövsümdə dör qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalan yarımmüdafiəçi tam mənada hərtərəfli yarımmüdafiəçi kimi formalaşıb. “Arsenal” 2004-cü ildən sonra ilk dəfə çempion olarsa, Rays klub tarixində “Qızıl Top” qazanan ilk futbolçu, İngiltərə futbolunda isə 2001-ci ildə bu mükafatı alan Maykl Ouendən sonra ilk ingilis oyunçu ola bilər.

Siyahıda ikinci pilləni 7/2 əmsalla iki futbolçu bölüşür. “Real Madrid”in hücumçusu Kilian Mbappe 26 oyunda 30 qola imza atıb. Eyni əmsalla “Barselona”nın gənc ulduzu Lamin Yamal da ön sıralardadır. O, 2025-ci il səsverməsində ikinci yeri tutmuşdu.

“Bavariya”nın hücumçusu Harri Keyn 5/1 əmsalla “təhlükəli” namizəd olaraq qalır. Onun Bundesliqada artıq 32 qolu var və Dünya Çempionatındakı performansı həlledici ola bilər.

İlk altılığı Erlinq Holand (8/1) və Vitinya (16/1) tamamlayır.

Son qalib Usman Dembele zədələrə baxmayaraq 25/1 əmsalla siyahıda qalır. Lionel Messi də eyni əmsalla namizədlər arasındadır. MLS-də 49 oyunda 43 qol və 26 assist edən argentinalı ulduzun doqquzuncu “Qızıl Top” üçün yenidən Dünya Çempionatı qazanması vacib sayılır.

İdman.Biz