Pokatilov Çempionlar Liqasında TOP-3-də - FOTO

22 Oktyabr 2026 12:49
91
Pokatilov Çempionlar Liqasında TOP-3-də - FOTO

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının statistik göstəricilərində ilk üçlüyə daxil olub.

İdman.Biz xəbər verir ki, UEFA-nın rəsmi statistikasına əsasən, liqa mərhələsinin üç turundan sonra “Sabah” qapıçı seyvlərinin sayına görə üçüncü pillədə qərarlaşıb.

Bakı təmsilçisinin hesabında 18 seyv var. Bu göstəricidə Bratislava “Slovan”ı (20) birinci, Belçikanın “Brügge” klubu (19) ikinci yerdədir.

33 yaşlı qapıçı sonuncu dəfə Dortmund “Borussiya”sına qarşı keçirilən görüşdə diqqət mərkəzinə düşüb. Bakı təmsilçisi həmin qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.

“Sabah”ın müdafiəçisi Akim Zedadka da fərqlənənlər sırasındadır. O, üç qarşılaşmada 22 dəfə topu geri qazanaraq bu göstəricidə yeddinci pillədə qərarlaşıb.

Turnirdə bombardirlər yarışında isə gərgin mübarizə gedir. Üç turdan sonra altı futbolçu hərəyə dörd qolla siyahıya başçılıq edir. Bunlar “Brügge”dən Nikolo Trezoldi, “Sportinq”dən Luis Suares, “Ştutqart”dan Ermedin Demiroviç, “Bavariya”dan Harri Keyn, “Mançester Siti”dən Erlinq Holand və Dortmund “Borussiya”sından Seru Girassidir.

Üç qol vuran futbolçular arasında Kilian Mbappe (“Real”), Usman Dembele (PSJ), Fil Foden (“Mançester Siti”) və Aleksis Makallister (“Liverpul”) də var.

Məhsuldar ötürmələr üzrə isə “Barselona”nın gənc ulduzu Lamin Yamal liderdir. İspaniyalı futbolçu üç tur ərzində dörd assist edib. Arda Gülər (“Real”), Usman Dembele (PSJ), Doniell Malen (“Roma”) və daha dörd futbolçu üç məhsuldar ötürmə ilə onu izləyir.

Maraqlıdır ki, bombardirlər siyahısının liderlərindən biri olan Seru Girassi dörd qolundan ikisini məhz “Sabah”a qarşı keçirilən görüşdə vurub.

İdman.Biz