“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt Frankfurt”da kadr dəyişiklikləri davam edir.
İdman.Biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Dino Topmöllerin istefasından sonra “Ayntraxt” rəhbərliyi onun köməkçiləri ilə yollarını ayırmaq qərarına gəlib. Stefan Buk, Nelson da Silva Morqado və Haver Zembrodlanın qarşılıqlı razılıq əsasında işdən çıxarıldığı bildirilir. Topmöllerin məşqçilər heyətindən yalnız Yan Visser qalıb.
Frankfurt klubundan ayrılan məşqçilərin ötən mövsüm “Ayntraxt”ın Bundesliqada üçüncü yeri tutub Avropa Liqasının dörddəbir finalına yüksəldiyi mövsüm komandanın uğuruna əhəmiyyətli töhfələr verdiyi qeyd olunur.
Xatırladaq ki, “Ayntraxt Frankfurt”a müvəqqəti olaraq ehtiyat komandanın baş məşqçisi Dennis Şmitt rəhbərlik edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ” və “Ayntraxt” arasında oyun 21 yanvarda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
