Türkiyə Superliqasının 18-ci turunda “Fənərbağça” səfərdə “Alanyaspor”u 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra isə oyunun taleyini həll edən maraqlı bir an diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, “Fənər”in qələbə qollarını Anderson Taliska (2) və Antoni Musaba vurub.
Matçın 2:2 hesabı ilə davam etdiyi dəqiqələrdə “Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko ilə ispaniyalı futbolçu Marko Asensio arasında yaşanan dialoq oyuna damğa vurub. Qarşılaşmanın 74-cü dəqiqəsində oyun dayandığı zaman Tedesko Asensionu yanına çağırıb və taktiki tapşırıq verib.
İtaliyalı mütəxəssis üç su şüşəsini yerə düzərək vəziyyəti vizual şəkildə izah edib. O, iki şüşənin arasına üçüncünü qoyaraq Asensioya mərkəz müdafiəçilərinin arasına ötürmə atmağın mümkün olduğunu göstərib. Bu tapşırıq cəmi dörd dəqiqə sonra öz bəhrəsini verib. 78-ci dəqiqədə Asensionun verdiyi dəqiq ötürmədən sonra Anderson Taliska həlledici qolu vuraraq komandasını önə çıxarıb.
Qoldan sonra Asensio sevinci birbaşa baş məşqçisinin yanına gedərək yaşayıb. Həmin anlar sosial şəbəkələrdə geniş yayılıb və oyunun ən yaddaqalan epizodlarından biri kimi dəyərləndirilib.
