Florentino Peresin kölgədə qalan gedişi: “Barselona”nın taleyini dəyişən dəstək

Xəbərlər
18 Yanvar 2026 21:49
61
Florentino Peresin kölgədə qalan gedişi: “Barselona”nın taleyini dəyişən dəstək

“Barselona”nın prezidenti Joan Laportanın seçilməsində İspaniyanın “Real Madrid” klubunun rəhbəri Florentino Perez həlledici rol oynayıb.

İdman.Biz xəbər verir ki, bu barədə “El Confidencial” nəşri məlumat yayıb.

Məlumata görə, prezident seçkiləri zamanı Laportanın klubun hesablarına 124,6 milyon avro (250 milyon AZN) vəsait yatırması tələb olunub. Lakin onun bu məbləği ödəmək üçün kifayət qədər maliyyə imkanı olmayıb.

Bu məqamda Peres birbaşa bank rəhbərliyinə müraciət edərək prosesə müdaxilə edib. Bank əvvəlcə ödənişi təsdiqləməyə tərəddüd göstərib. Səbəb “Barselona”nın həmin dövrdə ciddi maliyyə böhranı yaşaması və öhdəlikləri vaxtında yerinə yetirəcəyinə zəmanət verə bilməməsi olub. Buna baxmayaraq, Peresin israrı nəticəsində bank sonda razılıq verib.

Mənbənin yazdığına görə, “Real Madrid” prezidentinin bu addımı atmasının əsas səbəbi Laportanı Avropa Superliqası layihəsində özünə müttəfiq kimi görməsi idi. Lakin sonradan “Barselona” həmin layihədən çıxmaq qərarı verib.

Qeyd edək ki, Avropa Superliqasının yaradılması 2021-ci ilin aprelində elan edilmişdi. Layihədə “Real Madrid”, “Yuventus”, “Barselona”, “Atletiko”, “Milan”, “İnter”, “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi”, “Liverpul”, “Tottenhem” və “Arsenal” klubları yer alırdı. UEFA-nın sanksiya təhdidlərindən sonra isə layihə dayandırıldı və iştirakçıların demək olar ki, hamısı Superliqadan geri çəkildi.

İdman.Biz