Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

22 Oktyabr 2026 17:10
123
Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

“Bu cür dünya çempionatı və festivalda iştirak etmək hər bir futbolçu üçün böyük şansdır. Bu fürsətdən maksimum istifadə etmək lazımdır”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Nazim Süleymanov jurnalistlərə açıqlamasında Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalı barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis milli komandamızdan gözləntilərini bölüşüb, azarkeşləri komandaya dəstək olmağa çağıraraq tədbirin əhəmiyyətini vurğulayıb:

“Milli komandamızdan, əlbəttə ki, qələbələr gözləyirik. İnanıram ki, bu təcrübə gənc oyunçularımızın gələcəkdə böyük futbolçu kimi formalaşmasına təkan verəcək. Bu imkanı AFFA rəhbərliyi yaradıb və futbolçularımız üçün lazımi şəraiti təmin edib. İnanıram ki, gənc futbolçular meydana qələbə əzmi ilə çıxaraq hamımızı sevindirəcəklər.

189 ölkənin iştirak edəcəyi bu çempionat analoqu olmayan bir tədbirdir. Bu, böyük sevinc və əsl futbol bayramıdır. Fürsətdən istifadə edərək bütün futbolsevərləri bu bayramda iştirak etməyə dəvət edir, onları təbrik etmək istəyirəm”.

Qeyd edək ki, Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında 8-ə 8 formatında mübarizə aparacaq Azərbaycan millisi “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor seçmə komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

İdman.Biz