Famil Xəlilov: “Məqsədimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

22 Oktyabr 2026 17:47
120
Famil Xəlilov: “Məqsədimiz Azərbaycanı layiqincə təmsil etməkdir”

Azərbaycanın U-16 futbol milli komandasının baş məşqçisi Famil Xəlilov FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq barədə danışıb

İdman.Biz xəbər verir ki, o, bu barədə Hövsan Yarış Kompleksində təşkil olunan açıq məşq zamanı jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis hazırlığın plan üzrə davam etdiyini və komandanın son mərhələyə yaxınlaşdığını bildirib:

“Hazırlığımız plan üzrə davam edir, artıq son mərhələyə yaxınlaşmışıq. Məqsədimiz futbolçuları oyunlara qədər hazır vəziyyətə gətirməkdir. Turnirin formatı yeni olduğu üçün rəqiblər haqqında kifayət qədər məlumatımız yoxdur. Əlimizdə olan məhdud məlumatlar üzərində işləyirik. Öz oyun planımıza sadiq qalmağı düşünürük”.

F.Xəlilov turnirdə əsas məqsədlərinin Azərbaycanı layiqincə təmsil etmək və futbolçuların inkişafına töhfə vermək olduğunu vurğulayıb:

“Yaxşı çıxış edərək maksimum mübarizə aparmağı və ən yaxşı nəticələri göstərməyi hədəfləyirik”.

Baş məşqçi oyunların Bakıda keçirilməsinin komanda üçün əlavə motivasiya olacağını qeyd edib. O, həmçinin sıx oyun qrafiki və heyətin məhdudluğu səbəbindən fiziki yorğunluğun yarana biləcəyini deyib:

“Futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməyə çalışırlar və bu vəzifənin öhdəsindən gələcəklərinə inanıram. Turnirdə oyunların sayının çoxluğu və heyətin 14 futbolçudan ibarət olması səbəbindən fiziki yorğunluq da olacaq. Oyun formatı tez-tez əvəzetmələrə imkan verəcək və bu amildən səmərəli istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

İdman.Biz