Misli Premyer Liqasının doqquzuncu turunda keçiriləcək “Sabah” - “Qarabağ” qarşılaşması ilə bağlı futbol mütəxəssisi Vaqif Cavadov fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu hər iki komandanın son dövrlərdə uğurlu çıxış etdiyini vurğulayıb.
“Bizi çox gözəl ab-hava və maraqlı oyun gözləyir. Çünki hər iki komanda son dövrlərdə çox yaxşı çıxış edir və “Sabah” da, “Qarabağ” da baxımlı futbol sərgiləyir. Ona görə də onların matçına baxmaq çox maraqlı olacaq. Hər iki komanda çempionluq uğrunda mübarizə aparır və bu görüşdə hər iki tərəf üçün üç xal vacibdir. Ona görə də oyunun yaxşı keçəcəyinə şübhəm yoxdur. İnanıram ki, azarkeşlər üçün də baxımlı görüş olacaq”, - deyə Cavadov fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” qarşılaşması oktyabrın 25-də saat 18:00-da “Dalğa Arena”da keçiriləcək.
