“Fənərbağça” 40 milyonluq hücumçu planını işə saldı

Xəbərlər
18 Yanvar 2026 19:15
39
“Fənərbağça” 40 milyonluq hücumçu planını işə saldı

Türkiyənin “Fənərbağça” klubu qış transfer dövründə hücum xəttini gücləndirmək üçün sensasiyalı plan üzərində işləyir.

İdman.Biz xəbər verir ki, klub Premyer Liqada yaranmış böhrandan istifadə edərək “Kristal Palas”ın əsas hücumçularından biri olan Jan-Filipp Matetanı transfer siyahısının ön sırasına çıxarıb. Fransalı forvardın bazar dəyəri hazırda 40 milyon avro (80 milyon AZN) olaraq qiymətləndirilir.

Məlumata görə, “Fənərbağça”nın əsas hədəfi əvvəlcə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Darvin Nunes olub. Uruqvaylı hücumçu ilə razılıq əldə olunmasa, İstanbul təmsilçisi alternativ variantlara keçəcək. Bu alternativlər sırasında Premyer Liqadan Mateta və “Tottenhem”in hücumçusu Matis Tel yer alır.

Qeyd olunur ki, “Kristal Palas”da yaşanan daxili problemlər “Fənərbağça”nın işini asanlaşdıra bilər. Klubun baş məşqçisi Oliver Qlasner mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb və rəhbərliyin transfer siyasətindən narazı qaldığını açıq şəkildə bildirib.

Bu mövsüm “Kristal Palas”ın heyətində 33 oyuna çıxan Jan-Filipp Mateta 10 qol vurub, iki məhsuldar ötürmə edib.

Matis Tel isə mövsümün əvvəlində 35 milyon avroya (70 milyon AZN) “Tottenhem”ə transfer olunub. Gənc futbolçu cari mövsümdə 20 oyunda üç qol vurub.

İdman.Biz