27 dekabr 2025-ci il tarixində Region Liqasında keçirilən “Ağcabədi FK” - “Ağsu Siti” qarşılaşmasından sonra iki futbolçu barədə AFFA sərt intizam tədbiri görüb.
İdman.Biz xəbər verir ki, “Ağcabədi FK” komandasının futbolçusu Ruslam Rüstəmov rəqibi başla vurduğu üçün təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb və buna görə o, növbəti üç oyunda iştirak edə bilməyəcək.
Eyni qarşılaşmanın 65-ci dəqiqəsində isə “Ağsu Siti” komandasının futbolçusu Mətin Əbilsoy təhqiredici ifadələrdən istifadə etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyun bitdikdən sonra hakimlər briqadasını da təhqir etdiyinə görə onun cəzası ağırlaşdırılıb və futbolçu növbəti beş oyuna buraxılmayacaq.
28 dekabr 2025-ci il tarixində keçirilən “Beyləqan FK” - “Murov Kəlbəcər FK” oyununda da hakim təhqir edilib. Ev sahibi komandanın futbolçusu Valid Yusubzadə qarşılaşmanın 58-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və növbəti 4 oyunu buraxacaq.
Eyni gündə keçirilən “Şəfəq FK” - “Samux FK” oyununda qonaq komandanın futbolçusu Cavid Abbasov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə alıb meydandan kənarlaşdırılıb, daha sonra hakimlər briqadasını təhqir edib. Abbasov 5 oyunluq cəzalandrılıb.
AFFA Gənclər Liqasında keçirilən “Kəpəz PFK” - “Şamaxı FK” oyununda “Şamaxı FK”nın futbolçu Ramiz Zamanov da hakimi təhqir edənlər sırasındadır. Buna görə qırmızı vərəqə alıb və növbəti 4 oyunu buraxacaq.
