“Vurduğum iki qol dörd qol kimi qeydə alındı” - Təmkin Xəlilzadə möhtəşəm çıxışını İDMAN.BİZ-ə ŞƏRH ETDİ + YENİLƏNİB/VİDEO

Xəbərlər
12 Yanvar 2026 17:06
116
“Vurduğum iki qol dörd qol kimi qeydə alındı” - Təmkin Xəlilzadə möhtəşəm çıxışını İDMAN.BİZ-ə ŞƏRH ETDİ + YENİLƏNİB/VİDEO

Azərbaycanlı futbolçuların “Golazo Cup Türkiye 2026”da iştirakı ilə bağlı detallar məlum olub

Təmkin Xəlilzadə Türkiyədə keçirilən “Golazo Cup Türkiye 2026” turnirində iştirakı ilə bağlı təfərrüatları açıqlayıb.

İdman.Biz-ə açıqlama verən Təmkin Xəlilzadə bildirib ki, Xətai Bağırov ilə birlikdə “Fenomeno Armada” komandasının heyətində çıxış etmək üçün klub rəhbərliyindən dəvət alıblar.

“Bu komandanın rəhbərlərindən biri Xətai Bağırov ilə mənim ortaq tanışımızdır. O, klubunun bu turnirdə uğurlu çıxış etməsi üçün mütləq şəkildə bizim köməyimizə ehtiyac duyurdu və biz də razılıq verdik. Düzdür, mən yalnız yarımfinal və final oyunlarına çata bildim, Xətai Bağırov isə bütün qarşılaşmalarda iştirak etdi. Finalda dubl etməyimə çox sevindim. Xətai Bağırov qol vurmasa da, çox yaxşı oyun göstərdi və qələbəmizə ciddi töhfə verdi. Ən əsası isə burada maraqlı bir qayda var idi: hər komanda əvvəlcədən bir futbolçu seçirdi və həmin oyunçunun vurduğu hər qol iki qol kimi hesablanırdı. Finalda seçim mənim üzərimə düşdü və buna görə də vurduğum iki qol dörd qol kimi qeydə alındı”, - deyə Təmkin Xəlilzadə bildirib.

Vüqar Vüqarlı

15:57

Azərbaycanlı futbolçular Təmkin Xəlilzadə və Xətai Bağırov Türkiyədə keçirilən “Golazo Cup” turnirinin finalında çıxış ediblər.

İdman.Biz xəbər verir ki, İstanbulda təşkil olunan “Golazo Cup Türkiye 2026” turnirinin həlledici oyununda “Fenomeno Armada” komandası “Likapa” FC üzərində 7:2 hesablı qələbə qazanaraq çempion olub.

Final qarşılaşmasında Təmkin Xəlilzadə və Xətai Bağırov “Fenomeno Armada”nın start heyətində yer alıblar. Komanda ilk hissəni 6:0 hesablı üstünlüklə başa vurub. Təmkin Xəlilzadə matçın 3-cü dəqiqəsində hesabı açıb, 25-ci dəqiqədə isə yenidən fərqlənərək hesabı 7:1-ə çatdırıb.

Nəticədə “Fenomeno Armada” rəqibini 7:2 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Yusif Sadıqlı

İdman.Biz