Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Qara Qarayev futbolçu karyerasını başa vurmağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu barədə futbolinfo.az saytına məlumatlı mənbə bildirib.
Onun özünə uyğun yeni klub tapa bilmədiyi üçün belə qərar verdiyi vurğulanır.
Futbolçunun yaxın vaxtlarda bu qərarını rəsmən açıqlaması gözlənilir.
Qaranın karyerasını bitirdikdən sonrakı planları da məlumdur. Belə ki, o, məşqçiliyə başlamaq istəyir. Hətta veteran futbolçunun yığma komandalarımızdan birində məşqçi kimi işə başlayacağı gözlənilir.
Qarayevin sonuncu iş yeri bu qış fasiləsində yollarını ayırdığı “Araz-Naxçıvan” olub. O, ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi. 33 yaşlı futbolçu cari mövsümdə məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 13 oyuna çıxıb. Qara “Araz-Naxçıvan”ın heyətində bütövlükdə 37 oyun keçirib.
Qarayev əvvəllər “Qarabağ”da (445 oyun, 5 qol, 15 assist) və “Neftçi”də (28 oyun, 1 qol, 2 assist) çıxış edib. O, Azərbaycan millisinin heyətində də 77 oyun keçirib.
