Quba stadionunun ot örtüyü ilə bağlı AÇIQLAMA

Xəbərlər
6 Yanvar 2026 16:52
82
Quba stadionunun ot örtüyü ilə bağlı AÇIQLAMA

Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyünün Misli Premyer Liqasında 17-ci turun “İmişli” - “Araz-Naxçıvan” oyununa hazırlanması istiqamətində işlərə başlanılıb.

Bu barədə stadionun icarədarı “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov məlumat verib.

Onun sözlərinə görə, narazılıq doğuran seyrək hissələrə toxum səpilir və dərmanlanma prosesi gedir.

A.Mürsəlov bildirib ki, stadiondakı qar artıq əridiyi üçün işlərdə sürətlənib.

“Artıq mövsümün ortası olduğu üçün ot örtüyünün dəyişdirilməsi mümkün olmayacaq. Lakin ot örtüyünü maksimum yaxşı vəziyyətə gətirmək üçün stadion əməkdaşları əllərindən gələni edirlər. Bizim də tələbimiz budur. Stadionu müqavilə ilə götürmüşük. İstəyirik ki, bizi normal stadionla təmin etsinlər. Söz veriblər ki, bunu yanvarın 20-dək edərək, arenanı bizə təhvil verəcəklər. Meydançaya peşəkar mütəxəssislər qulluq edir. Bu baxımdan arxayınıq ki, 2026-cı ildə birinci ev oyunumuzu normal şəkildə keçirə biləcəyik”, - deyə Aqşin Mürsəlov sportnet.az-a bildirib.

Qeyd edək ki, “İmişli” qış fasiləsindən sonra ilk matçını yanvarın 23-də keçirəcək. Misli Premyer Liqasının 17-ci tur matçına təsadüf edəcək görüşdə rəqib “Araz-Naxçıvan” olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 14:30-da başlanacaq.

İdman.Biz