Türkiyənin “Beşiktaş” klubunun braziliyalı müdafiəçisi Qabriel Paulista komandadan ayrılır.
İdman.Biz “HT Spor”a istinadla xəbər verir ki, təcrübəli futbolçu bu istəyi rəsmi şəkildə baş məşqçi Sergen Yalçına çatdırıb və Braziliyaya qayıtmaq niyyətində olduğunu bildirib.
Məlumata görə, transfer dönəmi yaxınlaşarkən bu mümkün ayrılıq “Beşiktaş”ın kadr planlamasına birbaşa təsir göstərə bilər. Klub rəhbərliyinin bu müraciətə necə cavab verəcəyi hələlik bəlli deyil, lakin fasilə dövründə mümkün ayrılıq variantı artıq gündəmdədir.
Paulistanın ayrılıq qərarında ailəvi amillərin əsas rol oynadığı, məhz bu səbəbdən Braziliyaya dönmək istədiyi bildirilir.
Braziliyalı müdafiəçi “Beşiktaş” forması ilə 45 rəsmi oyunda iştirak edib. O, bu matçlarda bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
