“Qəbələ” qış fasiləsinə premyer-liqanı tərk etməyə namizəd komandalar sırasında yollandı. Daha dəqiqi, hazırda bölgə təmsilçisi 8 xalla 11-ci sıradadı və sonuncu pillədəki “Karvan-Yevlax”ı cəmi 2 xal qabaqlayır.
İdman.Biz xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadze mövsümün ilk yarısında dəfələrlə heyətin keyfiyyətli olmadığını dilə gətirib, çoxlu xal itkisini bununla əlaqələndirib.
Maraqlıdı, bəs, qarşıdan gələn qış “transfer pəncərəsi” çərçivəsində komandanı gücləndirmək mümkün olacaqmı? Football-plus.az-ın sualını “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı cavablandırıb:
“Həm hücum, həm də müdafiə xəttini gücləndirmək niyyətindəyik. 4-5 futbolçu alacağıq. Üç legionerlə razılaşmaq niyyətindəyik. Qalan keçidlər yerli futbolçular olacaq. Danışıq apardığımız oyunçular var. Gələn həftənin əvvəlində bəzi məsələlərə aydınlıq gələcək. Ayrılıqlara gəlincə, indiki heyəti qoruyub-saxlamağa çalışacağıq. “Neftçi”nin futbolçusu Rza Cəfərovun transfer prosesiylə bağlı danışıqlar davam edir. Qapıçı başqa klubdan da təklif alıb. Hazırda nə qərar verəcəyini fikirləşir. Biz də qarşı tərəfdən cavab gözləyirik”.
