Tərlan Quliyev: “İndi isə əsas hədəf Misli Premyer Liqaya vəsiqə qazanmaqdır”

Xəbərlər
29 Dekabr 2025 18:04
58
Tərlan Quliyev: “İndi isə əsas hədəf Misli Premyer Liqaya vəsiqə qazanmaqdır”

“Şükürlər olsun ki, fasiləyə qış çempionu kimi yollandıq. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Adın heç bir önəmi yoxdur. Bütün diqqəti öz oyunumuza və hazırlığımıza yönəltmişik”.

Bu fikirləri Birinci Liqanın lideri “Şəfa”nın futbolçusu Tərlan Quliyev deyib.

Təcrübəli müdafiəçi komandasının qış fasiləsinə qədərki çıxışını dəyərləndirib.

“Elə kollektiv formalaşdırmışıq ki, hərə öz işi ilə məşğuldur. Maksimum nəticə vermək istəyirik. Məşqçi heyəti, oyunçular və klub rəsmiləri öz işlərinə önəm verirlər. Hər şey hələ qabaqdadır. Heç nə həll olunmayıb. İkinci Liqadan Birinci Liqaya yüksəlmişik. İndi isə əsas hədəf Misli Premyer Liqaya vəsiqə qazanmaqdır. Əsas rəqibimiz kimdir? “Səbail” hazırda üçüncü pilləyə enib. Ola bilər dörd və ya beçinci pilləyə də düşsün. Heç kimin gözləmədiyi halda “Baku Sportinq” artıq ikinci yerdədir. Bu, futboldur, hər şey ola bilər. Hər bir rəqibə hörmət etmək lazımdır. Bizim fikrimiz çempionluqdur. Bundan dönməmişik. Qışdan sonra ilk üç turda güclü rəqiblərlə üz-üzə gələcəyik”, - deyə sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Şəfa” 12 turdan sonra 30 xalla Birinci Liqada birinci pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: