Braziliyada başa çatan mövsümün əsas sürprizi San-Paulu ştatını təmsil edən “Mirassol” klubu olub. Komanda çempionatı dördüncü pillədə başa vuraraq Libertadores Kubokuna vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, “Mirassol” hələ 2020-ci ildə yarıpeşəkar D Seriyasında çıxış edib. Bu mövsüm isə klub tarixində ilk dəfə Braziliya A Seriyasına yüksəlib.
Komandanın uğuru böyük büdcə və ya ulduz futbolçularla bağlı deyil. “Mirassol” liqada ən kiçik büdcəyə malik komandadır. Ən tanınmış futbolçusu isə 36 yaşlı Reynaldudur. Vaxtilə “Gremio”dan kənarlaşdırılan müdafiəçi 13 qol və 6 assistlə A Seriyasında qol+assist göstəricisinə görə üçüncü olub.
Heyətdə başqa maraqlı talelər də var. Hücumçu Alesson ötən mövsümü Rusiyanın “Torpedo” klubunda keçirib, amma liqada özünü göstərə bilməyib. Braziliyaya qayıtdıqdan sonra “Mirassol”un əsas oyunçularından birinə çevrilib.
Uğurun əsas sirri isə idarəetmədədir. Bu mövsüm klubun idman direktoru vəzifəsinə sabiq “Barselona” futbolçusu Paulinyo təyin olunub. O, futbolçu karyerasını 2024-cü ildə başa vurub və dərhal menecerlik fəaliyyətinə başlayıb.
Məhz Paulinyo komanda üçün düzgün baş məşqçini seçib. Rafael Quanaes klubda tanınmamış ad kimi işə başlasa da, “Mirassol”a aydın və tanınan oyun üslubu qazandırıb. Komanda hətta “Flamenqo”ya qarşı oyunda topa 63 faiz nəzarət edib.
