“Sumqayıt” da çox yaxşı təşkilatlanmış komandadır. Amma “Sabah”ın hücum xətti çox yaxşıdır. İnanıram ki, qış fasiləsinə lider kimi yollanacaqlar”.
Bunu “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Sabah” birinci turdan təxirə salınmış görüşdə “Qarabağ”a qalib gəldi. Bu görüşdə “Sabah”ın qalibiyyətini ehtimal edirdiniz?
- ”Sabah”ın son oyunlarındakı yüksəlişi “Qarabağ”la matçda da özünü göstərdi. Həqiqətən də yaxşı oynayaraq qalib gəldilər.
- Sizcə, “Sabah” bu matçda “Qarabağ”a nəyin sayəsində qalib gəldi? Düşünmək olar ki, “Qarabağ” fiziki və psixoloji sarıdan yorulub artıq?
- ”Sabah” artıq neçə oyundur ki, gözəl və məzmunlu oyunla qələbələr qazanır. Üstəlik, “Sabah” qalibiyyəti daha çox istəyirdi. Sözsüz ki, əzmkarlıqları da bu qələbəni gətirdi. “Qarabağ”da yorğunluq da hiss edilirdi. Bura həm pisixoloji, həm də mental yorğunluq aiddir.
- Valdas Dambrauskasın “Sabah”ı əvvəlki “Sabah”lardan nə ilə fərqləndi? V.Dambrauskas “Sabah”ı çempion edəcək məşqçidir?
- Görünən odur ki, Valdas Dambrauskas çox yaxşı məşqçidir. Bunun bariz nümunəsi də komandanın göstərdiyi oyundur. Məşqçinin işi əla səviyyədədir. Təbii ki, “Sabah” çempionluq uğrunda mübarizə apara bilər. Sadəcə mövsümün ikinci hissəsində artırmalıdırlar. Belə olarsa, bunu bacararlar.
- “Sabah” qış çempionu ola bilər, bunun üçün “Sumqayıt”ı məğlub etməlidir. Necə düşünürsünüz, qış fasiləsinə lider kimi yollana bilərlər?
- ”Sumqayıt” da çox yaxşı təşkilatlanmış komandadır. Amma “Sabah”ın hücum xətti çox yaxşıdır. İnanıram ki, qış fasiləsinə lider kimi yollanacaqlar.
- Qış çempionu olmaq “Sabah” üçün mövsümün çempionu olmaq baxımında böyük addımdır, yoxsa düşünürsünüz ki, istənilən halda, “Qarabağ” onları qabaqlayaraq liqanı qazanacaq?
- Bunu ümumi hazırlıq göstərəcək. “Qarabağ”ın Çempionlar Liqasında da iki oyunu olduğunu da nəzərə almalıyıq. Onlar sonradan çempionata köklənəcək. Bunu zaman göstərəcək. Hansı komanda daha hazır olacaq, onlar da liqanı qazanacaq. “Sabah”ın çempion olması öz əlindədir.
- Heyət baxımından necə, “Sabah” mövsümün sonuna qədər bu yükü qaldıra biləcək, yoxsa qışda komanda daha çox güclənməlidir?
- Məncə, 1-2 oyunçu ilə güclənsələr, ziyanı olmaz. Çünki qışdan sonra çempionat fərqli olur. Hər halda, maraqlı mübarizəni görəcəyimizdən əminəm.
