Dieqo Simeone: “Mövcud səviyyəni qorumaq çox çətin olacaq”

Xəbərlər
22 Dekabr 2025 00:55
28
Dieqo Simeone:  “Mövcud səviyyəni qorumaq çox çətin olacaq”

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone La Liqanın 17-ci turunda “Jirona”ya qarşı 3:0 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis futbolçuların matçın böyük hissəsində planlaşdırılan pressinqi yerinə yetirdiyini, rəqibin şanslarını minimuma endirdiyini vurğulayıb.

Simeone qeyd edib ki, bəzi təhlükəli epizodlara baxmayaraq, komanda oyuna nəzarət edib və daha artığı üçün çalışıb.

Baş məşqçi irəliləyişin mərhələli şəkildə getdiyini bildirib və bu səviyyəni qorumağın çətin olacağını etiraf edib. Onun sözlərinə görə, rəqiblər çox güclüdür və komanda daim maksimum səviyyədə çalışmağa davam etməlidir.

Simeone ilin ümumi dəyərləndirilməsinə də toxunub. O, əvvəlki mövsümün bir hissəsi ilə cari mövsümün ilk yarısının fərqli keçdiyini, ötən mövsüm Çempionlar Liqasında yaxşı çıxış etsələr də, La Liqada lazımi motivasiya və inamın çatmadığını deyib. Mütəxəssis “Atletiko”nun məqsədlərinə çatmaq üçün sadəcə 100 faiz yox, 110-120 faiz güc sərf etməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, cari mövsümün əvvəlində komanda çətin vəziyyətdə idi, lakin tənqidlərdən sonra oyunçular inkişaf etmək istədi və kollektiv zəhmət, inam və düzgün yanaşma sayəsində vəziyyəti düzəldə bildi.

Qeyd edək ki, 18 turdan sonra “Atletiko” 37 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Növbəti turda madridlilər yanvarın 4-də səfərdə “Real Sosyedad”la qarşılaşacaqlar.

İdman.Biz