Argentina millisinin kapitanı Lionel Messinin Hindistana səfəri yalnız humanitar və mədəni məqamlarla deyil, eyni zamanda lüks hədiyyə ilə də gündəm olub.
İdman.Biz xəbər verir ki, Messi Anant Ambaninin təsis etdiyi Vantara – vəhşi heyvanların xilas edilməsi, reabilitasiyası və mühafizəsi mərkəzinə səfəri “Richard Mille RM 003-V2 GMT Tourbillon Asia Edition” modelini taxarkən görüntülənib. Qeyd olunur ki, futbolçu tədbirə saat olmadan gəlib, daha sonra isə sözügedən ultra-nadir modeli qolunda nümayiş etdirib.
Sözügedən saat qara karbon korpusa və skelet siferblata malikdir. Dünyada cəmi 12 ədəd istehsal olunan bu modelin dəyəri 1,2 milyon ABŞ dolları təşkil edir ki, bu da təxminən 2 milyon 40 min AZN deməkdir.

Bu jest Messi ilə Anant Ambani arasındakı yaxın münasibətlərin simvolu kimi qiymətləndirilir. Maraqlıdır ki, Anant Ambaninin özü də həmin gün daha da eksklüziv sayılan “Richard Mille RM 056 Sapphire Tourbillon” modelini taxıb. Bu unikal saatın dəyəri 5 milyon ABŞ dolları, yəni təxminən 8 milyon 500 min AZN civarındadır.
Xatırladaq ki, Messiyə bu bahalı hədiyyəni Hindistanın ən varlı ailəsinin varisi olan Anant Ambani təqdim edib. O, ötən il təxminən 600 milyon ABŞ dollarına başa gələn dəbdəbəli toy mərasimi ilə də dünya mediasının diqqətini çəkmişdi. Həmin mərasimdə FIFA prezidenti Canni İnfantino da iştirak edən qonaqlar arasında olub.
