“Sabah”ın futbolçusu: “Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm”

25 Noyabr 2026 12:29
67
“Sabah”ın futbolçusu: “Məğlub olsam, azarkeşlərlə sağollaşıb gedəcəyəm”

Fransanın nüfuzlu “L'Équipe” nəşri Azərbaycanın “Sabah” futbol komandasının müdafiəçisi Stiv Solvet haqqında geniş məqalə dərc edib.

İdman.Biz xəbər verir ki, yazıda 30 yaşlı futbolçunun karyerası, Azərbaycana gəlişi və UEFA Çempionlar Liqasında İspaniyanın “Barselona” komandası ilə qarşılaşma öncəsi təəssüratları yer alıb.

Nəşr qeyd edir ki, 2025-ci ilin yayında “Sabah”a transfer olunan müdafiəçi karyerasının ən yaddaqalan oyunlarından birinə hazırlaşır. Parisdən 3800 kilometr uzaqlıqda yaşayan futbolçu hətta qarşılaşmaya 24 saat qalmış bərbərə getməyi də unutmayıb.

2020-2024-cü illərdə Fransanın üçüncü liqasında 95 oyun keçirən Solvet indi 65 min azarkeşin gələcəyi gözlənilən Bakı Olimpiya Stadionunda dünya futbolunun nəhənglərindən birinə qarşı meydana çıxmağa hazırlaşır.

“Bu anı yaşamaq böyük şansdır. Onların necə oynadıqlarını, meydanda necə hərəkət etdiklərini görmək üçün səbirsizlənirəm. Bu, mənim üçün çox şey öyrənəcəyim oyun olacaq. Amma özümə əlavə təzyiq göstərmirəm”, - deyə müdafiəçi bildirib.

Anası Fransaya getməsinə razılıq verməyib

Qvadelupanın Sent-An şəhərində böyüyən Solvet üç yaşında futbolla tanış olub. Onun ilk örnəkləri Fransanın “Marsel” futbol klubunun azarkeşi olan atası və böyük qardaşı olub:

“Şəraitin necə olması bizi maraqlandırmırdı. Topumuz var idi və əylənirdik”.

Antil-Qviana İdman Hazırlığı Mərkəzində təhsil alan futbolçu yalnız 18 yaşında Fransanın Avropa hissəsinə yollanıb. Buna qədər anası onun ailəsindən ayrılması üçün hələ tez olduğunu düşünürdü.

Solvet əvvəlcə “Bisaym”, daha sonra Fransanın üçüncü liqasında mübarizə aparan “Strasbur” klubunda çıxış edib. Peşəkar futbolçularla birlikdə məşqlərə qatılmasına baxmayaraq, yüksək səviyyədə oynamaq imkanı əldə edə bilməyib.

“Qvadelupadan yeni gəlmişdim, təcrübəm çatışmırdı. Həmçinin yetkinlik baxımından, meydandan kənarda və paltardəyişmə otağında baş verənlərə münasibətdə çatışmazlıqlarım var idi”.

Futbolçu Fransaya gəlişindən səkkiz il sonra, 2022-ci ildə “Orlean” klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Fransada futbolçuya qarşı qərəzli münasibət

“Orlean”da Solvetnin baş məşqçisi olan Kərim Mokeddem keçmiş futbolçusunun uzun müddət yanlış yanaşmanın qurbanı olduğunu bildirib:

“Strasbur”da onu laqeyd, hətta təkəbbürlü futbolçu kimi qələmə verirdilər. Fransada insanlara belə damğalar vururlar. Stiv bundan əziyyət çəkirdi”.

Mütəxəssis Solvetni sədaqətli və insana bağlı futbolçu kimi xarakterizə edib. O, ailə problemi səbəbindən oyundan dərhal sonra komandanı tərk etməli olduğu gün müdafiəçinin vurduğu qolu məhz onunla qeyd etdiyini xatırladıb.

“O, sənin üçün oda girər. Məşqçi kimi sən də onun üçün eyni şeyi edərsən”.

Fransa klublarının əvəzinə Azərbaycanı seçib

Solvet “Orlean”dan ayrıldıqdan sonra 2024-cü ildə “Martiq”in heyətində Fransa Liqa 2-də debüt edib. Lakin klubun maliyyə problemləri səbəbindən komandanı tərk etmək məcburiyyətində qalıb.

2025-ci ilin yayında futbolçu ilə Fransanın “Po”, “Kan” və “Soşo” klubları maraqlanıblar. Lakin daha geniş maliyyə imkanlarına malik “Sabah”dan da təklif alan müdafiəçi karyerasını Azərbaycanda davam etdirməyə qərar verib.

191 santimetr boya malik Solvet əsasən mərkəz müdafiəçisi mövqeyində çıxış etsə də, yarımmüdafiədə də oynaya bilir.

Fransanın “Set” klubunda iki mövsüm onunla çalışan Nikola Gibal futbolçunun atletik xüsusiyyətləri, çevikliyi və soyuqqanlılığı ilə seçildiyini vurğulayıb:

“Hansı oyun olursa-olsun, sanki heç bir həyəcan keçirmirdi. Məşqçilik karyeranız ərzində çoxlu futbolçu ilə qarşılaşırsınız, amma o, digərlərindən daha çox yaddaşımda qalıb”.

Məğlub olsa, “Barselona” futbolçularından forma istəməyəcək

“Barselona” ilə qarşılaşmaya digər oyunlar kimi yanaşdığını bildirən Solvet rəqib futbolçulardan birinin formasını almaq istəyib-istəmədiyi barədə suala da maraqlı cavab verib:

“Belə şeylərə çox həvəsim yoxdur. Məğlub olsam, qətiyyən forma istəməyəcəyəm. Azarkeşlərlə sağollaşıb gedəcəyəm. Məğlubiyyətlə barışa bilməyən adamam”, - deyə futbolçu gülümsəyərək bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması bu gün Bakı Olimpiya Stadionunda saat 21:45-də başlayacaq.

İdman.Biz