“Düşünürəm ki, səfərdə bir xal pis nəticə deyil”.
Bu sözləri “Karvan-Yevlax”ın futbolçusu Elvin Yunuszadə deyib.
Təcrübəli müdafiəçi komandasının ötən gün səfərdə “İmişli” ilə heç-heçə etdiyi oyunu şərh edib.
“Qalib də gələ bilərdik. Bunun üçün şansımız var idi. Rəqibin də üç xal qazanmaq üçün imkanları oldu. Bu cür oyunlarda hər cür nəticə qeydə alına bilər, qırılma nöqtələri olur. Kim əlinə düşən fürsətdən yararlanırsa, istəyinə çatır, qalib gəlir. Məncə, ədalətli nəticə heç-heçə idi. Artıq bu görüşü unutmalıyıq. Qarşıdakı matça hazırlaşacağıq. Düşünürəm ki, “İmişli” ilə görüşdə yaxşı mübarizə apardıq. Meydan amili də rol oynadı. Hamımız ikiqat güc sərf etdik”, - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, “İmişli” - “Karvan-Yevlax” matçı 1:1 hesabı ilə başa çatıb.
