Sergen Yalçın yenə narazıdır

Xəbərlər
15 Dekabr 2025 01:05
37
Sergen Yalçın yenə narazıdır

Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Sergen Yalçın Super Liqanın 16-cı turunda “Trabzonspor”la 3:3 hesabı ilə başa çatan oyundan sonra sərt açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis görüşün gedişatından və hakim qərarlarından narazı qaldığını gizlətməyib.

Yalçın bildirib ki, komandası təxminən 70 dəqiqə azlıqda mübarizə aparıb və buna baxmayaraq, böyük xarakter nümayiş etdirib:

“Hücum xəttində seçimimiz yox idi, ehtiyat skamyasında əsasən yarımmüdafiəçi və müdafiəçilər var idi. Buna baxmayaraq, hamısı maksimum mübarizə apardıq”.

Baş məşqçi qarşılaşmanın ədalətli keçmədiyini vurğulayıb:

“Bu gün meydanda futbol yox idi, teatr idi. Dördüncü dəqiqədə sarı vərəqə göstərildi, futbolçular ikili mübarizəyə girə bilmirdi. Hər şey kənardan çox aydın görünürdü. Düşündüklərimi desəm, cəza alaram”.

Yalçın ilk hissədə oyuna nəzarətin “Beşiktaş”da olduğunu qeyd edib:

“İlk 30 dəqiqədə 3:1 öndə idik, oyun rahat gedirdi. Zərbə yox idi, aqressiya yox idi. Hətta rəqib də qırmızı vərəqəyə təəccübləndi. Bizim üçün bu oyunda bir xal yaxşı nəticədir”.

Sergen Yalçın sonda yenidən vurğulayıb ki, baş verənlər futbol anlayışından uzaq idi və komandası çətin şəraitdə vacib xal qazanıb.

Qeyd edək ki, Sergen Yalçın Türkiyə Super Liqasının 13-cü turunda “Samsunspor”la 1:1 hesablı heç-heçəni şərh edərkən də hakimlərdən narazılığını bildirmişdi.

“Neftçi” futbol klubunun hücumçusu Vinsent Abubakar isə keçmiş baş məşqçisi Sergen Yalçınla bağlı danışarkən, bütün yükün baş məşqçinin deyil, futbolçuların üzərində olduğunu bildirmişdi.

İdman.Biz