Ukraynanın “Şaxtyor Donetsk” klubu baş məşqçi Arda Turanın rəhbərliyi altında qış transfer pəncərəsində ilk gücləndirməsini edib.
İdman.Biz xəbər verir ki, Donetsk təmsilçisi Ukrayna Premyer Liqasında “LNZ Çerkası”nın formasını geyinən 22 yaşlı nigeriyalı cinah hücumçusu Prosper Obahın transferini rəsmən açıqlayıb.
Gənc futbolçu ilə 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.

Ukrayna mətbuatının məlumatına görə, “Şaxtyor” bu keçid üçün “LNZ Çerkası”ya 4,4 milyon avro (təxminən 8,1 milyon AZN) ödəyəcək. Razılaşmada performansa bağlı bonus maddələrinin də yer aldığı bildirilir.
Qeyd edək ki, Prosper Obah ötən ilin iyulunda Portuqaliyanın II Liqa təmsilçisi “Vizela”dan “LNZ Çerkası”ya 700 min avro (təxminən 1,3 milyon AZN) qarşılığında transfer olunmuşdu.
Bu mövsüm Ukrayna Premyer Liqasında 15 oyunda 7 qol vuran Obah “LNZ Çerkası”nın uğurlu çıxışında əsas fiqurlardan biri olub. Nigeriyalı futbolçu hazırda daha 4 oyunçu ilə birlikdə liqanın bombardirlər siyahısına başçılıq edir.
