“Bu cür basqı ən təcrübəli futbolçunu belə psixoloji cəhətdən sındıra bilər” - Oqtay Abdullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
13 Dekabr 2025 16:40
81
“Bu cür basqı ən təcrübəli futbolçunu belə psixoloji cəhətdən sındıra bilər” - Oqtay Abdullayevin İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan Futbol Veteranları İttifaqının(FVİ) sədri Oqtay Abdullayev Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın “Ayaks”a məğlubiyyətindən sonra sosial şəbəkələrdə və mediada hücumçu Nəriman Axundzadənin ünvanına səslənən təhqirlərə kəskin etirazını bildirib.

Oqtay müəllim bu barədə İdman.Biz-ə açıqlamasında qeyd edib.

“İnanın, sosial şəbəkələrdə və mediada Nərimana və Qurban Qurbanovun onu “Ayaks”la oyunda meydana buraxmaq qərarına qarşı yazılanları oxuyanda dəhşətə gəlirəm. Əminəm ki, klubun istənilən futbolçusu “Ayaks”a qarşı oynamağa hazır idi. Nəriman da daxil olmaqla. Ola bilsin, o, sadəcə emosional və fiziki yorğunluq keçirib - bu, hamının başına gələ bilər. Axı Axundzadə əvvəllər də əvəzetmədən sonra meydana çıxaraq “Qarabağ”a az kömək etməyib. Bəs o vaxt bu özünü “tənqidçi” adlandıranlar harada idi, Nəriman həlledici qollar vuranda onlar nə reaksiya vermişdilər?” – deyə Oqtay Abdullayev vurğulayıb.

Veteranlar ittifaqının sədri baş məşqçi Qurban Qurbanovun mövqeyini də tam haqlı hesab etdiyini vurğulayıb:

“Qurban müəllimin futbolçularını ictimaiyyət qarşısında qınamaması tamamilə doğrudur. Axı biz bilmirik, o, dörd divar arasında kimə nə deyir. Baş məşqçini komandanı qoruduğuna görə niyə ittiham etsinlər? Nərimanı təhqir etməyə nə ehtiyac var? Həmin oyunda səhvlər təkcə onun yox, digər futbolçuların da payına düşürdü, xüsusilə buraxılan qollar epizodlarında. Məğlubiyyəti niyə yalnız Nərimanın üzərinə yıxmaq lazımdır? Futbolçunu tənqid etmək olar, amma təhqir etmək olmaz. Onlar da bizim kimi insandırlar və bu cür təqib ən təcrübəli futbolçunu belə psixoloji cəhətdən sındıra bilər. Nərimanı demirəm belə”.

Vüqar Vüqarlı

İdman.Biz