Azərbaycan Region Liqasında təmsil olunan “Lokomotiv Baku” klubunun kapitanı İsmayıl Məmmədov AFFA-ya müraciət ünvanlayıb.
İdman.Biz xəbər verir ki, futbolçunun şikayəti Region Liqasında oyunları idarə edən hakimlərlə bağlıdır.
İsmayıl Məmmədov sosial şəbəkədə yayımladığı video-müraciətdə vurğulayıb ki, əgər ölkənin futbol klublarından professionallıq, keyfiyyətli iş istənilirsə, bu tələb referilər qarşında da qoyulmalıdır.
Hakimlərdən şikayət edən futbolçu söyləyib ki, “Lokomotiv Baku” - “Kristal” arasında keçirilməsi nəzərdə tutulan qarşılaşma məhz hakimlərin işlərinə məsuliyyətsiz yanaşması nəticəsində qeyri-müəyyən vaxta təxirə düşüb:
“Təkcə bizim həkimin sənədinin yoxlanılmasına 20-25 dəqiqə vaxt sərf edilib. Halbuki klubun həkimi AFFA-nın uşaq liqasında rəsmi fəaliyyət göstərir və Tibb Universitetinin məzunudur. Nəticədə oyunun başlama saatında həkimin sənəd məsələsi əsas gətirildi və bizə problem yartdılar”.
İsmayıl Məmmədov öz təklifini də irəli sürüb. Kapitan hesab edir ki, hakimlərin fəaliyyətinə nəzarət edəcək üst qurum olmalıdır.
“İnsanların futbola marağı var, amma baş verən kiçik haqsızlıq futbolçuları bu idman növündən, yarışlardan, rəqabətdən soyudur. Neqativ hallar bizi, heyətimizdə olan daha gənc futbolçulara da mənfi təsir göstərir” - deyə “Lokomotiv Baku” klubunun kapitanı qeyd edib.
Şəhriyar Səmədov
