Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Okan Buruk son açıqlamalarında komandanın hazırkı vəziyyətinin düşündürücü olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, o, heyət problemlərinin ciddi həddə çatdığını etiraf edib.
“Ehtiyat skamyasında müdafiəçi qalmayıb; kimsə zədələnsəydi, bunun həlli yox idi. Çətin bir dövrdən keçirik, bəzi futbolçulardan istədiyimiz nəticəni ala bilmədik. Transfer üçün həm TFF-nin, həm də UEFA-nın maaş büdcəsi məhdudiyyəti var. Osimheni 75 milyon avroya aldıq (təxminən 138 milyon AZN), maaşı da böyük yükdür. Sane, İlkay, Sinqo kimi önəmli futbolçular gətirdik, amma bu ssenarini heç kim əvvəlcədən görə bilməzdi. Noyabr fasiləsindən sonra ehtiyat skamyasını doldurmaq çətinləşdi. Məsuliyyət mənimdir. Qış transferində düzgün plan quracağıq; Çempionlar Liqasında davam etsək, buna uyğun hazırlaşacağıq”, - deyə Bruk bildirib.
Baş məşqçi komandanın son oyunlardakı çatışmazlıqlarını da dəyərləndirib:
“Çətin bir dövrdən keçirik, dəyərli futbolçularımız çatışmır. İkinci hissədə ikili mübarizələrdə geriyə düşdük. 9 xalımız var, 2 oyun qalıb, yolumuza davam edəcəyik. “Atletiko Madrid”lə matçı qazanmaq üçün çalışacağıq. İndi liqadakı oyunlara baxacağıq. “Atletiko”ya daha hazır olacağıq. Biz də məyusuq”.
Baş məşqçi Çempionlar Liqasındakı uğursuz nəticələrdən də danışıb:
“Çempionlar Liqasında iki oyunu uduzduq. Əslində həmin matçları qazanıb “ilk 8-liyə düşə bilərdikmi” deyə düşünürdük... Bu səviyyədə rəqibi yaxalayıb oyunu itirmək bizi çox üzdü”.
Okan Buruk qapıçı Uğurcan Çakırın son durumunu da açıqlayıb:
“Zədələnməmiş bircə qapıçı qalmışdı. Uğurcanın yuxarı əzələsində gərginlik var. MRT-dən sonra vəziyyəti məlum olacaq”.
