Alba və Buskets karyeralarına nöqtə qoydu

Xəbərlər
7 Dekabr 2025 11:40
56
Alba və Buskets karyeralarına nöqtə qoydu

“İnter Mayami”nin futbolçuları Jordi Alba və Serxio Buskets MLS 2025 mövsümünün pley-off finalından sonra peşəkar karyeralarını başa vurduqlarını açıqlayıblar.

İdman.Biz xəbər verir ki, bu qərar komandanın MLS 2025 Kubokunun finalında “Vankuver Uaytkeps” üzərində 3:1 hesablı qələbə qazanaraq Şimali Amerika Liqasının çempionu olmasından sonra verilib. Həmin qarşılaşma hər iki futbolçu üçün son klub oyunu olub.

37 yaşlı Serxio Buskets karyerasını 2025-ci ilin sentyabrında, 36 yaşlı Jordi Alba isə oktyabr ayında bitirəcəyini əvvəlcədən bildirmişdi. Hər iki oyunçu mövsümün sonunda futboldan getməyi planlaşdırırdı.

Serxio Buskets 2008-ci ildən etibarən əsas karyerasını “Barselona”da keçirib, 2023-cü ilin yayında isə “İnter Mayami”yə transfer olunub. O, ümumilikdə klub səviyyəsində 840 oyunda iştirak edib və 19 qol vurub. Jordi Alba isə “Barselona” və “Valensiya” akademiyalarının yetirməsi kimi tanınıb və 2023-cü ildən “İnter Mayami”də çıxış edirdi.

İdman.Biz